Hər cür fəndləri bilən və mütəxəssis olmayan platforma?| F-35-lər 2018-ci ildən etibarən 10-dan çox qəzaya düşüb

2025/02/1738674191.jpg
Oxunub: 1103     11:21     05 Fevral 2025    
ABŞ-nin Alyaska ştatında F-35 döyüş təyyarəsinin qəzaya uğraması F-35-in təhlükəsizlik standartları ilə bağlı narahatlıqları, eləcə də əvvəlki ağır qəzaları gündəmə gətirib.

Alyaskada F-35 döyüş təyyarəsinin qəzaya uğraması etibarlılıq və texniki qulluqla bağlı problemləri olduğu şərhləri verilən F-35 döyüş təyyarələrinin daha öncə düşdüyü qəzaları xatırladıb.

Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin (ASN) məlumatlarına görə, ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən və bir çox ölkələrin inventarlarında olan döyüş təyyarələri 2018-ci ildən etibarən 10 dəfədən çox ağır qəzalara məruz qalıb.

2018-ci il 28 sentyabr

ABŞ ordusuna məxsus F-35B döyüş təyyarəsinin təlim uçuşu zamanı Cənubi Karolina sahillərində baş vermiş qəzada pilot katapult sistemindən istifadə edərək, təyyarədən təhlükəsiz şəkildə çıxa bilib.

Qəza uçuş zamanı mühərrikin yanacaq borusunun partlaması nəticəsində baş verib. Bu vəziyyətin istehsal xətası olduğu bildirilib.

2019-cu il 9 aprel

Yaponiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-35A döyüş təyyarəsi 4 ədəd F-35A döyüş təyyarəsinin iştirak etdiyi təlim zamanı yoxa çıxıb.

Ölkənin şimalında Sakit okeana düşdüyü aşkar edilən təyyarə qəzasında həlak olan pilotun cəsədi aylar sonra tapılıb.

2020-ci il 19 may

ABŞ HHQ-yə məxsus F-35-i idarə edən pilot katapult sistemindən istifadə edərək, təhlükəsiz şəkildə təyyarədən çıxa bilib və yüngül xəsarətlər alıb. Florida ştatındakı “Eglin” aviabazasına məcburi eniş edən təyyarə eniş etdikdən sonra alovlanıb və istifadəyə yararsız vəziyyətə düşüb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qəzaya səbəb eniş zamanı nəzarət olunmayan sürətlənmə, eləcə də təyyarənin uçuşun idarəetməsindəki problem olub.

2020-ci il 29 sentyabr

ABŞ Dəniz Piyadaları Korpusuna məxsus F-35 döyüş təyyarəsində havada yanacaq doldurma zamanı tankerlə təmas nəticəsində qəza baş verib. Pilot uğurla təyyarədən atılarkən, qəzaya uğrayan təyyarə yararsız hala düşüb.

Tanker isə ölkənin Kaliforniya ştatının Termal bölgəsi yaxınlığındakı sahəyə məcburi eniş edib.

2021-ci il 17 noyabr

Böyük Britaniya Kral HHQ-yə məxsus F-35B təyyarəsi HMS “Queen Elizabeth” aviadaşıyıcı gəmisindən havaya qalxarkən qəzaya uğrayıb. Təyyarədən sağ-salamat atılan pilot xilas olub və təyyarə qəzaya uğradığı Aralıq dənizindən çıxarılıb.

2022-ci il 4 yanvar

Cənubi Koreya HHQ-yə məxsus F-35A təyyarəsi Cənubi Çunqçonq əyalətindəki aviabazaya məcburi eniş edib. Sözügedən F-35A “Seosan” aviabazasına enişi zamanı qartala dəyərək, ciddi zədələnib və təmir oluna bilməyəcəyi üçün inventardan çıxarılıb.

Təcili enişin səbəbi avionik texnologiyalar ilə əlaqəli olduğu düşünülən eniş dəsti nasazlığı olaraq qeydə alınıb.

2022-ci il 24 yanvar

F-35 döyüş təyyarəsi mübahisəli Cənubi Çin dənizində USS “Carl Vinson” aviadaşıyıcı gəmisinə enərkən qəzaya uğrayıb. Aviadaşıyıcı gəminin göyərtəsinin kənarına çırpılıb, sonra göyərtə boyunca sürüşüb və sonra dənizə düşüb.

Pilot katapult sistemi ilə təyyarədən təhlükəsiz şəkildə çıxmağı bacarıb, qəza nəticəsində 7 dənizçi yaralanıb.

2022-ci il 19 oktyabr

F-35 döyüş təyyarəsi ABŞ-nin Yuta ştatındakı “Hill” aviabazasına eniş etmək üçün yaxınlaşarkən qəzaya uğrayıb və tamamilə məhv olub. Hava məlumat sistemindəki səhvlərə görə enişdən əvvəl idarəetməni itirdiyi bildirilən pilot katapult sistemindən istifadə edərək, yüngül xəsarətlərlə qəzadan xilas olub.

2023-cü il 17 sentyabr

ABŞ Dəniz Piyadaları Korpusuna məxsus F-35 döyüş təyyarəsi Cənubi Karolina ştatının Şimali Çarlston bölgəsindəki Dəniz Hava Stansiyasında qəzaya uğrayıb. F-35-i avtopilot rejiminə keçirdikdən sonra təyyarədən çıxmağı bacaran pilot sağ qalıb.

2024-cü il 29 may

“Lockheed Martin” şirkətinin istehsalı olan F-35 döyüş təyyarəsi Nyu-Meksiko ştatının Albukerke şəhərindəki “Sunport” Beynəlxalq Hava Limanı yaxınlığında uçuş-enmə zolağından qalxdıqdan sonra qəzaya uğrayıb.

Təyyarə qəzaya uğramazdan əvvəl katapult sistemini işə salmağı bacaran pilot ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

2025-ci il 29 yanvar

ABŞ-nin Alyaska ştatında “Eielson” aviabazasında qəzaya uğrayan F-35 döyüş təyyarəsi xeyli ziyan görüb. Pilot müayinə olunmaq üçün hərbi hospitala köçürülüb.

Sosial mediada paylaşılan görüntülərdə F-35 döyüş təyyarəsinin havada süzülərək yerə çırpıldığı və partladığı görünür.

Etibarlılıq və texniki qulluq problemləri

ABŞ Əməliyyat Sınaq və Qiymətləndirmə Müdirliyi tərəfindən dərc edilən illik hesabata görə, F-35 “Lockheed Martin” döyüş təyyarələri 2023-cü ildə etibarlılıq, texniki qulluq, istifadə baxımından bəzi çətinliklərlə üzləşib və hədəflənən 65 faizlik missiyaya hazırlıq səviyyəsinə çatmayaraq, yalnız 51 faiz performans göstərib.

2024-cü ildə nəşr olunan hesabatda F-35-in Əməliyyat Tələbləri Sənədində göstərilən etibarlılıq və davamlılıq meyarlarından geri qalmağa davam etdiyi ifadə edildi.

Bənzər şəkildə ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin 2024-cü ildə açıqladığı hesabatda qeyd edilir: “F-35 parkının saxlanması xərcləri artmaqda davam edir. (Xərc) 2018-ci ildə 1,1 trilyon dollar olduğu halda, 2023-cü ildə 1,58 trilyon dollara yüksəlib”.

Hesabatda deyilir ki, ABŞ Müdafiə Nazirliyi F-35-i ilkin olaraq gözlənildiyindən daha az uçurmağı planlaşdırır, bunun səbəbi qismən təyyarənin etibarlılığı ilə bağlı problemlərdir: “F-35-in öz missiyasını yerinə yetirmə qabiliyyəti də son 5 ildə azalma tendensiyası nümayiş etdirir”.

“Hər cür fəndləri bilən, lakin heç birində mütəxəssis olmayan platforma”

“SpaceX”in sahibi amerikalı milyarder İlon Mask F-35 təyyarələrinə “tənqidi” baxışı ilə tanınır. Mask daha əvvəl etdiyi paylaşımda F-35 dizaynının ehtiyacların və məqsədlərin səhv müəyyən edilməsi səbəbindən səhv təməl üzərində qurulduğunu bildirmişdi: “Bu da təyyarəni bahalı və mürəkkəb, hər cür fəndləri bilən, lakin heç birində mütəxəssis olmayan platformaya çevirdi”.

Mask iddia edib ki, pilotlu döyüş təyyarələri artıq pilotsuz uçuş aparatları dövründə köhnəlib və yalnız pilotların ölümünə səbəb olacaq.

ABŞ prezidenti Donald Tramp tərəfindən Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə təyin edilən Maskın tənqidi şərhləri ABŞ-nin F-35 siyasətində “dəyişiklik” edib-etməyəcəyi ilə bağlı suallara səbəb olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin